Samsung istifadəçinin sağlamlığını izləyə bilən yeni ekran təqdim etdi
Samsung Display şirkəti SID Display Week 2026 sərgisində gələcəyin smartfon ekranlarına dair bir neçə innovativ texnologiya nümayiş etdirib. Şirkət bu dəfə yalnız görüntü keyfiyyətini artırmaqla kifayətlənməyib — ekranın rolunu tamamilə yenidən düşünməyə çalışır.
Əsas yenilik Flex Chroma Pixel adlı OLED panel olub. Bu ekran 3000 nit parlaqlıq təqdim edir və BT.2020 rəng məkanının 96%-ni əhatə edir — bu da peşəkar monitor səviyyəsinə yaxındır. Rəng diapazonu isə DCI-P3 ilə müqayisədə 1,7 dəfə genişdir.
Bu nəticə şirkətin LEAD texnologiyasına əsaslanan yeni materiallar və optik struktur sayəsində əldə olunub. Üstəlik, mühəndislərin sözlərinə görə, bu inkişaf enerji sərfiyyatına və ekranın ömrünə mənfi təsir göstərmir.
Daha bir maraqlı yenilik Sensor OLED ekranıdır. 6,8 düymlük bu panel həm görüntü göstərir, həm də biometrik məlumatları toplayır. Ekranın daxilində yerləşdirilən xüsusi fotodiodlar vasitəsilə istifadəçinin nəbzi və hətta təzyiqi əlavə sensor olmadan ölçülə bilir.
Samsung bu ekrana həm də Flex Magic Pixel texnologiyasını inteqrasiya edib. Bu funksiya sayəsində yan tərəfdən baxdıqda məxfi məlumatlar (məsələn, sağlamlıq göstəriciləri) gizlədilir, amma ekranın qalan hissəsi görünməyə davam edir.
Digər təqdim olunan yeniliklər arasında yeni nəsil kvant nöqtəli EL-QD display (500 nit parlaqlıq, əvvəlki nəsildən 25% yüksək) və avtomobil sənayesi üçün nəzərdə tutulmuş, 300 ppi sıxlığa malik uzana bilən ekran da yer alıb.
The post Samsung istifadəçinin sağlamlığını izləyə bilən yeni ekran təqdim etdi appeared first on InfoCity.