Samsung 6K təsvirli 3D Odyssey monitorunu və digər yeniliklərini açıqladı
Samsung CES 2026 sərgisi ərəfəsində yeni Odyssey oyun monitorları seriyasını rəsmi olaraq anons edib. Yeniliklər arasında ən çox diqqət çəkən 6K təsvir ölçülü və eynəksiz 3D görüntü təqdim edən Odyssey 3D modelidir. Bundan əlavə, şirkət kibersport üçün nəzərdə tutulan, rekord göstəricilərə malik Odyssey G6 monitorunu da təqdim etməyə hazırlaşır.
Samsung Odyssey 3D modeli 32 düymlük IPS-panel, 6144×3456 piksel (6K) təsvir ölçüsü və 165 Hz yenilənmə tezliyi ilə təchiz olunacaq. Monitor 3K rejiminə keçirildikdə isə tezlik 330 Hz-ə yüksələcək. Əsas “fənd” isə xüsusi eynəklərə ehtiyac olmadan 3D effektin yaradılmasıdır — bu imkan baxışın izlənməsi texnologiyası sayəsində reallaşdırılır.
Kibersport həvəskarları üçün nəzərdə tutulan Odyssey G6 isə daha da iddialıdır. Model 27 düymlük IPS-matris, 2560×1440 piksel təsvir ölçüsü və 600 Hz yenilənmə tezliyi ilə gələcək. 720p rejimində isə bu göstərici inanılmaz 1040 Hz-ə çatacaq. Monitor FreeSync Premium Pro, G-SYNC və HDR10+ Gaming dəstəyinə malik olacaq.
Yeni seriyada yer alan Odyssey G8 modeli 32 düymlük IPS-panel, 6K təsvir ölçüsü və 165 Hz standart yenilənmə tezliyi təqdim edəcək. 3K rejimində isə bu göstərici 330 Hz-ə qədər yüksələcək.
Bundan başqa, Odyssey OLED G8 modeli 4K OLED ekran, 240 Hz yenilənmə tezliyi və 98 Vt gücündə USB-C portu ilə təchiz olunacaq. Monitor həmçinin VESA DisplayHDR TrueBlack 500 sertifikatını alıb.
Seriyanın daha kompakt versiyası — 27 düymlük Odyssey G8 isə 5120×2880 piksel təsvir ölçüsü və 180 Hz tezlik təqdim edəcək. Alternativ olaraq qHD @ 360 Hz rejimi dəstəklənəcək.
Samsung bütün modellərin dəqiq texniki xüsusiyyətlərini və qiymətlərini CES 2026 sərgisində açıqlayacaq. Görünən odur ki, şirkət bu dəfə həm vizual təcrübə, həm də sürət baxımından bazarda yeni standartlar müəyyənləşdirməyə iddialıdır.
The post Samsung 6K təsvirli 3D Odyssey monitorunu və digər yeniliklərini açıqladı appeared first on InfoCity.