Apple iOS 26.5 RC versiyasını təqdim etdi: “Xəritələr” yeniləndi, wallpaper-lər əlavə olundu
Apple iOS 26.5 və iPadOS 26.5 əməliyyat sistemlərinin Release Candidate (RC) versiyalarını yaymağa başlayıb. Bu build-lər artıq son mərhələ hesab olunur və rəsmi buraxılışdan əvvəl tərtibatçılar və açıq beta istifadəçiləri üçün əlçatandır.
Yeniləmədə əsas diqqət gələcək funksiyalara yönəlib. Belə ki, RCS mesajlaşma üçün uçdan-uca şifrələmənin tətbiqi üçün baza hazırlanıb — xüsusilə iPhone ilə Android smartfonlar arasında yazışmalar üçün. Bu funksiya daha əvvəl test edilsə də, müvəqqəti olaraq deaktiv edilmişdi.
Apple Maps tətbiqində isə yeni bölmə peyda olub — istifadəçinin axtarışlarına və cari trendlərə əsasən tövsiyə olunan məkanlar göstərilir. Bu, tətbiqi daha “ağıllı” və fərdiləşdirilmiş edir.
Avropa İttifaqı ölkələrində Apple üçüncü tərəf aksesuarları ilə bağlı imkanları da genişləndirir. Artıq digər istehsalçıların qulaqlıqları və ağıllı saatları bildirişlər, sürətli qoşulma və real vaxt məlumatlarının göstərilməsi kimi funksiyalardan istifadə edə biləcək. Əvvəllər bu imkanlar əsasən Apple cihazları ilə məhdud idi.
Bundan əlavə, sistemə yeni tematik divar kağızları (wallpaper) əlavə olunub. Lakin Siri ilə bağlı heç bir dəyişiklik yoxdur — onun inkişafı növbəti versiya, yəni iOS 27 üçün saxlanılıb.
Yeniləmənin stabil versiyasının yaxın günlərdə təqdim olunacağı gözlənilir.
The post Apple iOS 26.5 RC versiyasını təqdim etdi: “Xəritələr” yeniləndi, wallpaper-lər əlavə olundu appeared first on InfoCity.